İlham Şaban: “Zolağa düşən ağaclar çıxarılıb digər yerlərdə əkiləcək”

İlham Şaban: “Zolağa düşən ağaclar çıxarılıb digər yerlərdə əkiləcək”

"Cənub Qaz Dəhlizinin icrası prosesində Azərbaycanda ekoloji məsələlərin lazimi səviyyədə təmin olunması üçün tədbirlər ötən ildən hüquqi səviyyədə həll olunur. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı sənədlər imzalayıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, boru kəmərləri reallaşdırıldığı zaman ekoloji məsələlərlə bağlı tədbirlər Azərbaycanla yanaşı, digər tərəfdaş ölkələrdə də xüsusi diqqətdə saxlanılacaq: "Şahdəniz konsorsiumunun, həmçinin Cənubi Qafqaz boru kəmərinin əhatə etdiyi 11 rayonun ərazisində görüləcək işlər, bunun ətraf mühitə təsiri barədə həm əhali ilə, həm də icra orqanları ilə görüşlər keçirilir. Gürcüstan ərazisində isə boru kəməri tikilmədiyindən elə bir problem olmayacaq. Çünki orda sadəcə mövcud iki nasos stansiyası genişləndiriləcək. Artıq bu məsələ ilə bağlı Gürcüstan, Almaniya, İtaliya hökumətləri ətraf mühitə təsirin qarşısını almaq üçün görüləcək işlər barədə tədbirləri təsdiq ediblər. Boru kəmərlərinin keçəcəyi yerlərin Avropa hissəsində bu boruların uzunluğu təxminən 800 metrdən artıqdır və orada yaşıllıq hissə də var. Buna görə də oradakı əhalinin bir qismi bununla bağlı mətbuatdakı çıxışları ilə yanaşı bələdiyyələrin qarşısında da etiraz çıxışları edirlər. TANAP konsorsiumu isə bununla bağlı xüsusi bir açıqlama verib və qeyd edib ki, cəmi 36 metr enində bir zolaq olacaq və bu zolağa düşən ağaclar çıxarılıb digər yerlərdə əkiləcək. Burada əsasən İtaliyada olan zeytunluq nəzərdə tutulur. Sadalananları nəzərə alaraq demək olar ki, bu layihələrin həyata keçirilməsində heç bir ekoloji problem yaşanmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə