Nazir Niderland Krallığının sabiq senatorunu qəbul edib

Nazir Niderland Krallığının sabiq senatorunu qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının sabiq senatoru Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumat agörə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

Nazir qonağı səmimi salamlayaraq Niderland Krallığını Azərbaycana dost bir ölkə olduğunu, hər iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə daim inkişaf edən əlaqələrin kənd təsərrüfatı sahəsində də fəal əməkdaşlığa şərait yaratdığını qeyd edib.

Nazir Heydər Əsədov ölkə başçısının kənd təsərrüfatını prioritet sahə kimi daim diqqət mərkəzində saxladığını qeyd edib, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında aqrar sahənin davamlı inkişafının təmin edilməsi istiqamətində qarşıda duran vəzifələri açıqlayıb və bu fərmanın aqrar sahənin inkişafına təkan verəciyini bildirib.

Nazir kənd təsərrüfatı sahəsində Niderland Krallığının Azərbaycanda həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək hər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini bildirib, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. Nazir baytarlıq, fitosanitar, kartof toxumçuluğu, "Aqropark"ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürüb.

Van Der Linden səmimi qəbula görə təşəkkürünü bildirərək, Niderlandın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraqlı olduğunu qeyd edib və nazir Heydər Əsədovu oktyabr ayında Niderland Krallığında keçiriləcək Biznes Foruma dəvət edib.

Görüşdə iştirak edən Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabriyelsen hər iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə