Mərkəzi Bankın sədri BVF-nin Azərbaycan üzrə missiyasının rəhbərini qəbul edib

Mərkəzi Bankın sədri BVF-nin Azərbaycan üzrə missiyasının rəhbərini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, ölkənin xarici mövqeyi, bank sektorunun inkişafı, Mərkəzi Bankın pul-kredit siyasəti, bankların kapitallaşması kimi məsələlər müzakirə olunub.

Görüş zamanı Elman Rüstəmov ölkədə hazırkı makroiqtisadi vəziyyət, 2014-cü il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi, bank sektorunun kapitallaşması və konsolidasiyası, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzoqi təmsil etdiyi qurumun ölkəmizlə, eləcə də Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, 2013-cü ildə ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirdi və çevik məzənnə rejiminə keçid, bank sektorunun restrukturizasiyası üzrə BVF tərəfindən texniki yardım göstərilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşan əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının müddəti barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə