Nazirlik peşə bayramını qeyd edib

Bu gün 1 Noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn heyət ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.

Daha sonra kənd təsərrüfatı naziri İsmət Abasov peşə bayramı münasibətilə nazirliyin işçilərini təbrik edib, ölkə başçısı cənab İlham Əliyevə nazirliyə göstərdiyi qayğı və diqqətə görə nazirlik adından təşəkkürünü bildirib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı" münasibətilə Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə nazirliyin əməkdaşlarından 2 nəfəri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, 21 nəfəri "Tərəqqi" medalı ilə, 9 nəfəri "Əməkdar Kənd Təsərrüfatı İşçisi" medalı ilə, 1 nəfəri isə "Əməkdar Müəllim" medalı ilə təltif edib. Dövlət tərəfindən bizə göstərilən diqqəti yüksək qiymətləndiririk və nazirliyin əməkdaşları adından ölkə başçısına təşəkkürümüzü bildirirəm" -deyə nazir əlavə edib.

Daha sonra tədbirdə cari ilin 9 ayı ərzində baş vermiş yeniliklər barəsində müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə