Azərbaycan son illərdə turizm sahəsində mühüm irəliləyişlər əldə edib. Şərqin zəngin mədəniyyəti, unikal mətbəxi, qədim tarixi abidələri və qonaqpərvərliyi ilə ölkəmiz artıq on minlərlə turisti cəlb edən əsas regional istiqamətlərdən birinə çevrilməkdədir.
Gürcüstan, Belarus, Türkiyə və BƏƏ kimi ölkələrin təcrübəsi göstərir ki, kazinolar xarici turistləri cəlb etmək üçün əlavə cazibə nöqtəsi olmaqla yanaşı, illik milyonlarla valyuta axınının ölkədə qalmasına da şərait yaradır.
Əgər bu gün Azərbaycanda turistlərə yönəlmiş, dövlət nəzarətində fəaliyyət göstərən kazinolar fəaliyyətə başlasa, regionlarımızda həm infrastruktur inkişaf edər, həm də dövlət büdcəsinə yüz milyonlarla manat əlavə daxilolmalar təmin olunar.
Xaricə axan milyonlar ölkədə qala bilər
Hal-hazırda minlərlə azərbaycanlı istirahət və əyləncə məqsədilə qonşu ölkələrdəki kazinolara üz tutur. Bu, həm kapital axınına, həm də daxili turizm imkanlarının zəifləməsinə səbəb olur. Halbuki Azərbaycanda dövlət nəzarəti altında fəaliyyət göstərən kazino sənayesinin yaradılması milyonlarla manat vəsaitin ölkədə qalmasına, yerli iqtisadiyyatın canlanmasına xidmət edə bilər.
Kazinolar turizmin yeni mədəniyyət qapısı ola bilər
Kazinolar sadəcə qumar məkanları deyil. Onlar ətrafında formalaşan infrastrukturla otellər, restoranlar, sərgilər və əyləncə mərkəzləri ilə turizmin digər sahələrini də öz orbitinə alır.
Ən əsası, bu məkanlar Azərbaycana gələn turistlər üçün milli mətbəximizin, qədim ənənələrimizin, xalçaçılıqdan musiqiyə qədər zəngin mədəniyyətimizin tanıdılması üçün unikal platformaya çevrilə bilər.
Nəzərə alsaq ki, kazinoya gələn turistlər otellərdən istifadə edəcək və əyləncələrlə yanaşı fəaliyyət göstərən restoranlarda milli mətbəximizlə, qədim mədəniyyətimizlə tanış olacaqlar. Mədəni gecələrdə muğam ifaları, xalq rəqsləri, sənətkarlıq sərgiləri və xalq oyunları turistlərə təqdim olunacaq. Beləliklə, kazinoya gələn əcnəbi turist təkcə əylənməz, eyni zamanda Azərbaycanı yaxından öyrənib və sevə biləcək.
Minlərlə yeni iş yeri və regionların inkişafı
Yeni kazinoların fəaliyyəti təkcə paytaxtda deyil, regionlarda da minlərlə iş yeri yaradacaq. Otel işçiləri, turizm bələdçiləri, kulinarlar, marketoloqlar, təhlükəsizlik əməkdaşları bu strukturun vacib tərkib hissəsinə çevriləcək. Regionlardakı məşğulluq səviyyəsinin artması sosial rifaha da töhfə verəcək.
Dövlət büdcəsinə əlavə gəlir: real rəqəmlərlə
Belarus, Gürcüstan, İtaliya və Böyük Britaniya kimi ölkələrin təcrübəsi göstərir ki, kazinolar qanuni çərçivədə fəaliyyət göstərdikdə dövlət büdcəsinə milyardlarla gəlir gətirə bilər. Azərbaycanda da eyni model qurulsa, illik on milyonlarla manat əlavə vəsait sosial layihələrə, infrastruktur layihələrinə və təhsil sahəsinə yönəldilə bilər.
Mənəvi dəyərlərin qorunması: beynəlxalq təcrübə
Ən mühüm məsələ bu sahədə ictimai sabitliyin və milli-mənəvi dəyərlərin qorunmasıdır. Bunun üçün bir sıra dünya ölkələrində uğurla tətbiq olunan modellərdən istifadə oluna bilər:
1. Yerli vətəndaşlara məhdudiyyət
Şimali Kipr Türk Cümhuriyyəti kazinoları əsasən xarici turistlər üçün nəzərdə tutur. Yerli vətəndaşların girişinə hüquqi məhdudiyyət qoyulub.
Belarusda kazinoya giriş üçün yerli vətəndaşlara fərdi icazə tələb olunur. Bu qayda onların sosial müdafiəsi və ailə institutunun qorunması məqsədi daşıyır.
Azərbaycan üçün də bu model uyğundur: Kazinolara yalnız xarici vətəndaşların buraxılması, yerli vətəndaşlar üçün isə ya qadağa, ya da ciddi giriş rüsumu tətbiqi təklif oluna bilər.
2. Xüsusi iqtisadi zonalar və lokasiyalar
Kazinolar yalnız turistik ərazilərdə məsələn, Quba, Qusar, Naxçıvan və ya Xəzəryanı kurort zonalarında yerləşdirilməli, şəhər və yaşayış mərkəzlərindən kənarda fəaliyyət göstərməlidir.
3. Maarifləndirmə və sosial fondlar
Kazino gəlirlərindən müəyyən faiz ayrılaraq qumar asılılığı ilə mübarizə, ictimai maarifləndirmə, gənclərin mədəni layihələrə cəlb edilməsi və ailə dəyərlərinin təbliği üçün xüsusi fondlar təsis edilməlidir.
4. Giriş nəzarəti və şəxsiyyət yoxlaması
Bütün kazinolarda müəyyən yaş həddindən yuxarı şəxslərin şəxsiyyət vəsiqəsi ilə girişinə icazə verilməli, real vaxtlı müşahidə və audit sistemləri ilə fəaliyyəti izlənilməlidir.
Balanslı yanaşma mümkündür
Azərbaycanın gələcəyi üçün iqtisadi sabitlik nə qədər vacibdirsə, milli və mənəvi dəyərlərin qorunması da o qədər həyati əhəmiyyət daşıyır. Dövlətin düzgün tənzimləmə siyasəti, ictimai nəzarət və dünya təcrübəsinə əsaslanan mexanizmlərlə kazino sənayesi həm iqtisadi, həm də mədəni inkişafın bir hissəsinə çevrilə bilər.
Nəzərdə saxlamaq lazımdır ki, bu sadəcə oyun deyil bu, həm iqtisadi addım, həm də mədəni vizit kartımız ola bilər.
“Səs” Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə