Ekoloji sahədə hansı beynəlxalq əməkdaşlıqlarımız mövcuddur? - ŞƏRH EDİLDİ
"İqlim dəyişikliyi ilə bağlı Azərbaycan Respublikası, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi, Konvensiyanın Katibliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə həyata keçirilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Qlobal İqlim Fondu, Qlobal Ekoloji Fondu və digər nüfuzlu beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr reallaşdırır". Bu sözləri SİA-ya açıqlamasında ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov deyib.
Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi iqlim dəyişikliyinin ətraf mühitə təsirinin azaldılması, bu təsirlərin öyrənilməsi və gələcəkdə baş verə biləcək ekoloji fəsadların qarşısının alınmasıdır: "Sözügedən layihələr çərçivəsində həm tədqiqatlar aparılır, həm də praktik tədbirlər görülür. Eyni zamanda ölkə daxilində də iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş sistemli tədbirlər həyata keçirilir.
Yaşıllıqların artırılması, su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların eroziyadan qorunması, eləcə də quraqlığın qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və digər aidiyyəti qurumlar fəal şəkildə işləyirlər. Bundan əlavə, bu qurumlar öz fəaliyyətləri çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da genişləndirirlər. Bu əməkdaşlıqlar həm texniki dəstək, həm də maliyyə baxımından ölkənin iqlim dəyişikliklərinə qarşı dayanıqlılığının artırılmasına mühüm töhfə verir. Beləliklə, Azərbaycanın iqlim siyasəti həm yerli səviyyədə konkret tədbirləri, həm də beynəlxalq səviyyədə aktiv iştirakı özündə birləşdirərək, davamlı inkişaf məqsədlərinə xidmət edir"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə