Trans- Adriatik boru kəməri tamamlanıb - ŞƏRH

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Boru Xətti- Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bildiyimiz kimi, "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Şahdəniz qazının Xəzər dənizindən götürülərək 4000 km məsafə boyunca nəql edilib Avropaya çatdırılması üçün bəzi mövcud infrastrukturun genişləndirilməsi və bir sıra yeni boru kəmərlərinin inşa edilməsi tələb olunur.

Trans- Adriatik boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilmiş, 2019-cu il iyunun sonunda isə, işlərin 88,5%-i tamamlanıb. Ümumi uzunluğu 878 km olan boru kəmərinin 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edir. Trans- Adriatik boru kəməri 1 yanvar 2021- ci il tarixində fəaliyyətə başlamışdır.

Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. Kommersiya əməliyyatlarına 2020-ci ilin sonunda başlanılan kəmərin hesablamalara görə, ilkin nəql qabiliyyəti 10 milyard m3-dir və bu gəlir illik 20 milyard m3-ə kimi artırıla bilər.

Mövcud geosiyasi şəraitdə Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün geniş imkanlar mövcuddur, dövlətimizin Avropa məkanında yeni neft-qaz layihələrinin həyata keçirəcəyi artıq reallıqdır!

Şəfiqə Yaqublu
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə