Alim-şair Elxan Yurdoğlunun tərcümə fəaliyyəti

Şair, alim, pedaqoq, publisist və tərcüməçi...

Biz bu sözləri adətən tanınmış, geniş kütlə tərəfindən qəbul olunaraq məşhurlaşmış şəxsiyyətlər haqqında deyildiyinə adət etmişik. Bu dəfə isə bu sözlər gənc nəslin nümayəndəsi olan və yaradıcılığına sarılaraq dayanmadan çalışan Elxan Yurdoğlu haqqında işlədirik.

Bəli, Elxan Yurdoğlu şairdir, illərin şairi, təxminən otuz ilə yaxın şeiriyyət yolu olan şair. Yeddi şeirlər kitabı nəşr olunmuş şair. Elxan Yurdoğlu alimdir. Eynəli bəy Sultanovun tədqiqatçısı olan, onun şəxsiyyətini, ziyalı kimliyini üzə çıxaran alim. Elə bir alim ki, Eynəli bəy Sultanov adı çəkiləndə ağıla ondan əvvəl Elxan Yurdoğlu gəlir. Hətta şair özünü tədqiqatçısı olduğu şəxsiyyətin axtarışlarına o qədər qərq etmişdir ki, onunla bağlı çəkilən filmdə də elə Eynəli bəy obrazını həm estetik baxımdan, həm də bir xarakter olaraq dəqiqliklə yarada bilmişdir. Buradan şairin yüksək aktyorluq qabiliyyətinə malik olması da müşahidə olunur. Elxan müəllim bir pedaqoqdur. Elə bir pedaqoq ki, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrə Azərbaycanı, onun dilinin üslubi imkanlarını öyrədən, həm də Naxçıvanı hopduran, təbliğ edən, sevdirən bir pedaqoq. Şair onlara müəllimlik edərkən, Naxçıvanı təlqin edərkən əyanilik prinsipini əsas götürmüşdür. Burada tələbələrlə daim sosial ünsiyyətdə olması, dərsdən kənarda tez-tez təşkil olunan görüşlər, teatr və kinoteatrlara aparması, diyarımızın gəzməli-görməli yerlərinə kollektiv səyahət amilləri üzərində qurduğu müəllim-tələbə-dostluq münasibətləri ilə əsl müəllimliyini nümayiş etdirə bilir. Elxan Məmmədov bir publisistdir, gəncliyinin ilkin çağlarını qəzetə, jurnalistikaya həsr etmiş bir ziyalıdır. Elxan Yurdoğlu-Məmmədov imzası nəinki muxtar respublika mətbuatında, eləcə də Azərbaycan Respublikası səviyyəsində tanınmış bir imzadır.

Və Elxan Yurdoğlu bir tərcüməçidir. Onun tərcüməçilik fəaliyyətinin xronoloji statistikasına qısaca nəzər salmaqla yaradıcılığının əsas qollarından birinin də tərcüməçilik olduğunu müəyyən etmək mümkündür.

Şair ilk tərcüməçilik fəaliyyətinə 2010-cu ildə Türkiyəli şair, professor Hayrettin İvqinin “Melankolik şiirler” kitabını “Hüznlü şeirlər” adı ilə Azərbaycan dilinə tərcümə etməklə başlamışdır. Kitab Türkiyədə, Ankara şəhərində “Kültür Ajans” nəşriyyatında çap olunub.

Elxan Yurdoğlunun tərcüməçiliklə bağlı ikinci işi 2015-ci ildə qardaş ölkənin məşhur şair və yazıçısı, son illər Azərbaycanda da həddindən artıq çox oxunan Kahraman Tazeoğlunun “Bukre” romanının və “Seni içimden terk ediyorum” şeir kitabının həmkarı Nərgiz İsmayılova ilə birlikdə “Səni içimdən tərk edirəm” adı ilə [5] Azərbaycan dilinə tərcüməsi olmuşdur. Hər iki kitab 2015-ci ildə Bakıda “Xan” nəşriyyatında çapdan çıxıb və həmin ilin aprel ayında müəllifin özünün də iştirakı ilə kitabların təqdimatı və imza günü keçirilib.

Şairin növbəti tərcümə işi 2016-cı ildə yenə Hayrettin İvqinin Rusiyanın məşhur Puşkin mükafatına layiq görülmüş irihəcmli “Manas” romanının Azərbaycan dilinə tərcüməsidir ki, həmin kitab da Ankarada “Kültür ajans” nəşriyyatında çap olunub.

2016-cı ildə elə həmin nəşriyyatda Elxan Yurdoğlunun daha bir tərcümə kitabı işıq üzü görüb. Naxçıvanla bağlı müxtəlif şairlər tərəfindən yazılmış şeirlərdən ibarət 77 şairin 77 şeirinin yer aldığı “Nakşı-cihan Nahçıvan” almanaxı nəşr edilib.

Elxan Yurdoğlunun tərcümə fəaliyyəti bədii əsərlərlə məhdudlaşmır. Belə ki, o, 2020-ci ildə Türkiyəli professor, ilahiyyatçı alim Yaşar Qurdun XV-XVI əsrlərdə yaşamış həmyerlimiz Baba Nemətullah Naxçıvani haqqında tədqiqat əsəri olan “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” monoqrafiyasını dövlət sifarişi əsasında Azərbaycan dilinə tərcümə etmiş və tərcümə əsəri Naxçıvanda “Əcəmi” nəşriyyatında çapdan çıxmışdır.

Adları çəkilən irihəcmli tərcümə işlərindən əlavə onun, Naxçıvan Yazıçılar Birliyinin xətti ilə nəşr olunmuş “Dünyaya pəncərə” almanaxlarının “Şeirlər” seriyasında Türkiyənin məşhur şairlərindən etdiyi tərcümələr yer almışdır. Belə ki, Ali Akbaş, Ataol Behramoğlu, Attila İlhan, Cahit Sıtkı Tarancı, Cemal Safi, Hayrettin İvgin, Hüseyn Nihal Atsız, Necib Fazıl Kısakürek, Orhan Veli Kanık, Yahya Kemal Beyatlı, Yavuz Bülent Bakiler kimi məşhur şairlərdən etdiyi tərcümələr işıq üzü görüb. Həmin almanaxda Moldovalı, qaqauz şair Lyubov Çimpoeşdən tərcümə etdiyi bir neçə şeir də yer alıb.

Elxan Yurdoğlunun tərcümə fəaliyyətində Kazan tatarlarının da şeirlərindən tərcümələr yer alır. Belə ki, 2016-cı ildə Bakıda nəşr olunmuş “Yeni Tatar şeiri Antologiyası”nda Elxan Yurdoğlunun tərcüməsində Aydar Camal və Leniza Vəliyevanın şeirləri də oxuculara təqdim olunub.

Vurğulamaq yerinə düşər ki, Elxan Yurdoğlunun tərcümə fəaliyyəti yalnız poetik səviyyədə deyil, bir çox elmi məqalələr, publisistik yazıları da özündə etiva edir. Həmçinin özünün də Türkiyə türkçəsində 100-ə yaxın şeirlər yazdığını diqqətə çatdırmaqla deyə bilərəm ki, Elxan Yurdoğlu türk dillərindən etdiyi tərcümələrlə həmin dillərin bilicisi olduğunu sübur etmişdir. Bununla bərabər, şeirlərinin türk, rus, fransız, özbək, türkmən və fars dillərinə tərcümə edilərək nəşr olunduğunu nəzərə alaraq bildirməliyəm ki, şair həmçinin özü özünün usanmaz və yorulmaz təbliğatçısı, sevdiricisidir.

Eyni müəssisədə çalışdığımızdan həm alim, həm də yazar həmkarım olan yazımın qəhrəmanı tərcümə fəaliyyəti sahəsində eksperimentlərə də cəhd edir. Yaradıcılıq söhbətləri zamanı o, bir dostunun xahişi ilə ingilis şairi Radyaad Kiplinqin “If” şeirini sətri tərcümədən istifadə edərək müəllifin forma biçiminə uyğun şəkildə “Əgər” adı ilə dilimizə çevirdiyini də qeyd etmişdir. Hərçənd ki, özü bunu tərcümə əsəri kimi qəbul etmir, lakin şeirlərin bədii tərcüməsində də bu yolla əsərlərin bir dildən başqa dilə tərcümə olunma təcrübəsi də var və bu çox maraqlı bir metoddur.

Tərcüməçinin bu sahədəki fəaliyyətinin nəticəsidir ki, o, Türkiyə türkcəsinə çevrilmiş bir neçə kitaba redaktorluq da etmişdir. Belə ki, alim-yazar həmkarı Nərgiz İsmayılovanın tərcüməsində Türkiyəyə həsr olunmuş Əjdər Tanrıoğlunun “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenstsi” kitabına redaktorluq etmişdir.

Hazırda şair tərcüməçilik fəaliyyətini fəal şəkildə davam etdirir. O, bu günlərdə Türkiyənin daha bir şairi Ümit Yaşar Işıkhanın şeirlərini dilimizə çevirməklə məşğuldur.

Qürurverici məqam ondan ibarətdir ki, tərcümə əsərlərini incələyərkən şair Elxanın sərbəst şeir tərcüməsində, istər elmi-publisistik, istərsə də nəsr nümunələrinin tərcümələrində ana dilimizə uyğunlaşdırma aparılmışdır, yəni ana dilimizin orijinallığını çevirdiyi əsərlərə sirayət etdirə bilmişdir. Hayrettin İvqinindən tərcümədə “Müəllim” şeirindən bir parçadanın simasında bunu daha aydın görmək mümkündür:

Bizi oxut, yol ver bizə fikrinlə,

Ölkə dərdlərinə dal, müəllimim!

Öyrət insanlığı, mədəniyyəti,

Getmə kənddən nolar, qal, müəllimim

LEYLA SƏFƏROVA

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun böyük elmi işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə