Mədəniyyət və Turizm Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Xətai Miniatür Sənəti Qalereyasının açılışı olub. SİA-nın məlumatına görə, mərasimdə həmçinin "Yeni məkan" bədii sərgisinin açılışı da baş tutub.
Tədbiri giriş sözü ilə xalq rəssamı, "Xətai Miniatür Sənəti Qalereyası"nın bədii rəhbəri Arif Hüseynov açıb. Bədii rəhbər ölkəmizdə fəaliyyət göstərən muzeylər, qalereyalar içində "Xətai Miniatür Sənəti Qalereyası"nın özünəməxsus yer tutacağına əminliyini vurğulayıb: "Bu gün ölkəmizdə Muzey Mərkəzi, Xalça, Müasir və digər muzeylər fəaliyyət göstərir. Xalça Muzeyi və Muğam Mərkəzi ilə bir arada Miniatür Qalereyasının mövcudluğu zəruri idi. Bu üçlük qədim tarixə malik ənənələrin inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsində əhəmiyyətli mövqeyə sahibdir. Qalereyanın açılmasında əsas məqsəd burada özündə milli ənənələrimizi və dəyərlərimizi yaşadan sənətkarların yaradıcılığının nümayişi, onların əsərlərinin toplanmasıdır".
Ekspozisiyada 35 rəssamın 80 əsəri nümayiş etdirilir. Sərgidə respublikamızın tanınmış fırça və tişə ustaları Arif Hüseynov, Tofiq Ağababayev, Mayis Ağabəyov, Nazim Bəykişiyev, Altay Hacıyev, Xanlar Əhmədov, Rasim Babayev və digər rəssamların müxtəlif əsərləri nümayiş etdirilib.
Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov sərgi və Xətai Miniatür Sənəti Qalereyasının yaradılması məqsədindən, bu qurumun ölkəmizdə miniatür sənətinin inkişafına verəcəyi töhfədən danışıb: "Bakıda qalereyaların, muzeylərin sayının çoxluğu mədəniyyətin zənginliyinə dəlalət edir. Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Rəssamlar İttifaqına sərgilərinin keçirilməsi üçün müraciət edirlər. Lakin sərgi salonlarının az olması bu işdə bəzi çətinliklər yaradır. Belə qalereyaların, sərgi salonlarının açılması gənc, istedadlı rəssamlara geniş imkanlar yaradır".
Sənətşünas Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin nümayəndəsi Zahid Əvəzov və digərləri yeni qalereyanın açılmasını yüksək qiymətləndirərək bu sənət məkanının əhəmiyyətini diqqətə çatdıraraq Azərbaycanda miniatür sənətinin inkişafı və təbliği ilə bağlı öz fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB