Bakı Musiqi Akademiyasında növbəti seminar türk musiqisinə həsr olunub

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, doktorant Ayxan Əfəndiyevin "Türk beşləri və onların müasir musiqidə tutduqları mövqe" mövzusunda onlayn qaydada seminarı keçirilib.

BMA-dan SİA-ya bildirilib ki, məruzəçi Mustafa Kamal Atatürkün türk musiqisinə göstərdiyi qayğıdan, musiqiçilərin, şairlərin və ümumiyyətlə bir çox incəsənət adamlarının dövlət hesabına xaricdə təhsil almalarına yardım etməsindən və ən əsası, "türk beşliyi"ni birləşdirən ümumi məqamlardan bəhs edib. Seminarda beşliyi birləşdirən ümumi məqamlardan çağdaş türk musiqisinin inkişafına inam, modern-evrensel musiqi forması, musiqi dilinə müraciət və çoxsəsli musiqidən istifadə xüsusilə qeyd olunub.

Seminarda Ayxan Əfəndiyev türk beşliyinə daxil olan bəstəkarlar - Camal Rəşid Bəy, Adnan Sayqun, Hasan Ferit Alnar, Necil Reşit Rey ,Ülvi Cemal Erkin və onların yadacılığında xüsusi yer tutan əsərlər haqqında məlumat verib.

Bununla yanaşı, seminarda türk musiqi yaradıcılığının və inkişafının Azərbaycan musiqisi ilə müqayisəli təhlili iştirakçılar arasında maraqlı müzakirələrə səbəb olub.

Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov və elmi işçi Könül Əhmədova mövzu ətrafında fikirlərini bildirib, məruzəçiyə dəyərli tövsiyələr veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə