Azad Cəfərli: "Bu günə kimi 300-dən çox tarix və mədəniyyət abidəsi monitorinq edilib"

İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik.

SİA-nın məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis vəzifəsini icra edən Azad Cəfərli deyib.

Bu günə kimi 303 tarix və mədəniyyət abidəsində monitorinq işləri aparıldığını söyləyən A.Cəfərli bildirib ki, onların əksəriyyəti tamamilə dağıdılıb: "Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müəssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, adibədələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan göstürmək istəyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...