ICESCO nümayəndə heyətinin Azərbaycana səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib

ADA Universitetində İslam Dünyası Elm, Təhsil, və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirilib.

SİA-nın məlumatına görə, ICESCO-nun nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib: “Artıq bir neçə gündür İslam dünyasının 54 ölkəsini birləşdirən ICESCO-nun Baş direktoru ölkəmizdə səfərdədir. Biz Salim əl-Malikin təşkilata yeni Baş direktor kimi fəaliyyətə başladıqdan sonra ilk səfərini ölkəmizə etməsini əlamətdar hadisə hesab edirik. Azərbaycanla ICESCO arasında əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşkilatın xoşməramlı səfiri seçilməsindən sonra daha da genişlənib. Ötən dövr ərzində Azərbaycan ICESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilib, 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər reallaşdırılıb. ICESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda rəsmi tərəfdaş qismində iştirak edib”.

Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi, bunun dünya və İslam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə İslam irsinə aid olan abidələr və məscidlər təhqir edilib.

İşğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin aparıldığını söyləyən nazir bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: “Bu günə olan məlumata əsasən həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir”.

Anar Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini söyləyib: “Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə, dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən, Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq”.

Nazir xüsusi olaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı ICESCO Azərbaycanın haqq işinə öz dəstəyini əsirgəməyib və ölkəmizin haqlı mövqeyini müdafiə edib: “Ermənilər işğal etdikləri torpaqlarımızda etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də aparıblar. Bu, insanlığa qarşı cinayətdir. İnanırıq ki, ICESCO bununla bağlı hesabat hazırlayacaq və texniki heyət göndərəcək. Biz bu il ərzində təşkilatın regional mərkəzinin açılmasını planlaşdırmışıq. Mərkəz həm təşkilatla Azərbaycan, həm də regional ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcək”.

A.Kərimov bildirib ki, Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Tədbirlər Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

Sonra Salim bin Məhəmməd əl-Malik Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib.

Salim əl-Malik ölkəmizə səfəri barədə təəssüratlarını bölüşərək deyib: “Təşkilatımıza üzv olan hər bir ölkə bizim üçün vacibdir. Biz bu il üzv ölkəmiz olan Azərbaycanın Qələbəsini qeyd edirik. Azərbaycan dost və qonaqpərvər ölkədir. Buraya yalnız dəstək və Qələbəni qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün gəlmişik. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq. ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq”.

Yaxın günlərdə Şuşanın İslam Mədəniyyətinin Paytaxtı elan olunacağını söyləyən ICESCO-nun Baş direktoru deyib ki, bu barədə yekun qərar elan olunacaq: “ICESCO-nun Azərbaycanda açılacaq regional mərkəzinin gələcəkdə Şuşaya köçürülməsi təklifini vermişik. Regional ofisin Bakıda açılması hazırkı vəziyyət üçün müvafiqdir, lakin Şuşa şəhəri bərpa olunduqdan və orada həyat normala döndükdən sonra ICESCO-nun regional ofisinin Şuşaya köçürülməsi təklifi reallaşa bilər”.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə