Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəni paytaxtı elan etməsi, Bakı, Sumqayıt, Ağdam, Füzuli, Ağcabədi rayonlarda bir neçə muğam mərkəzinin açılması işğaldan azad edilmiş ərazilərdə də muğam mərkəzlərinin açılacağı qədim Azərbaycan sənəti olan muğamın gələcək təbliğatı üçün mühüm hadisələrdir.
SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.
“Həmişə zəngin mədəni həyatı ilə məşhur olmuş Şuşa milli poeziya və musiqinin beşiyidir. Burada qədim və özünəməxsus muğam yaranıb və bu sənəti Şuşa məktəbinin Xan Şuşinski, Zülfi Adıgözəlov, Keçəçi Məhəmməd, Əbülfət Əliyev, Hacı Hüsü, Mir Möhsün Nəvvab, Sadıqcan, Məşədi Məmməd Fərzəliyev, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Xarrat Qulu kimi ustaları daha da məşhurlaşdırıb. Vurğulamaq lazımdır ki, muğam tədris olunan ilk məktəb məhz Şuşada açılıb”, - deyə Murad Hüseynov əlavə edib.
M.Hüseynov qeyd edib ki, Vaqif poeziya günlərinin, "Xarı bülbül" festivalının bərpa olunması, Şuşada muğam müsabiqələri və festivallarının keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq: “Bu qədim şəhərə dünyanın hər yerindən qonaqlar gələcək. Şuşada yenidən musiqi məktəbləri açılacaq və istedadlı gənclər yetişəcək. Mən torpaqlarımızın erməni işğalından azad edilməsinə görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə dərindən minnətdaram. Azərbaycan torpağının hər qarışı müqəddəsdir, amma Şuşa bizim üçün daha əzizdir. Çünki bu şəhər hər bir azərbaycanlının qəlbi və ruhudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB