Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildi.
Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə çıxış edən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı Nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat verib.
Videokonfransda tarixi Zəfərlə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək qazi olan muzey əməkdaşlarının adları qeyd edilib, onların daim diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iştirak edən muzey rəhbərləri azad edilmiş torpaqlarda bərpa ediləcək muzeylərlə bağlı təkliflərini irəli sürüblər və bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildirib. Belə ki, “Qarabağın musiqi xadimləri muzeyi”nin yaradılması, muzeylərin fondunda saxlanılan Qarabağa aid eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzeylərin fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərə başlanılması səsləndirilən təkliflər arasında olub.
Eyni zamanda görüşdə muzeylər tərəfindən 2020-ci il ərzində görülən işlər müzakirə olunub. Videokonfransda qeyd olunub ki, muzey müəssisələri pandemiya dövründə onlayn fəaliyyət vasitəsilə çox qısa zamanda öz işlərini karantin dövrünün tələblərinə uyğunlaşdırlb və bu müddət ərzində bir sıra onlayn sərgilər keçirilib, uğurlu layihələr reallaşdırılıb, muzeylərin sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB