Gənc Tamaşaçılar Teatrının kollektivi: “Bizim üçün ikiqat bayramdır”

Gənc Tamaşaçılar Teatrının kollektivi: “Bizim üçün ikiqat bayramdır”

Azərbaycan təmsilçilərinin "Evrovision-2011" mahnı yarışmasında qələbə qazanması bütün türk dünyasını sevincə qərq edib. SİA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından və teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun imzası ilə məktub daxil olub. Kollektivin mahnı müsabiqəsinin qalibi Elnur haqqında dediklərinin maraqlı olacağını nəzərə alıb onu oxucuların diqqətinə çatdırırıq:

"Almaniyanın Düsseldorf şəhərində keçirilən "Evrovision-2011" müsabiqəsində Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camalın qələbə qazanması, birinci pilləyə qalxaraq üçrəngli bayrağımızı ən yüksək zirvəyə ucaltmaları təkcə Azərbaycan xalqının yox, bütün türkdilli xalqların qələbəsi deməkdir. Çünki bütün türk dünyası bu möhtəşəm qələbəni bayram kimi qeyd edirlər.

Eldar Pərviz oğlu Qasımovun bu qələbəsi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və bütövlükdə teatr ictimaiyyəti üçün də bayramdır. Eldar Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxaraq, hər gün dərsdən sonra nənəsi Firəngiz xanım, babası Bala müəllimlə teatra gələrək gözümüzün qarşısında böyüyüb. O, özünün dünya professional incəsənətinə yüksəliş dərslərinin əsasını bizim teatrda keçib. Həm də bu istedad ona kökdən gəlmədir. Belə ki, Eldar Qasımovun ulu babası Azərbaycanın korifey sənətkarı, məşhur aktyor və rejissor, xalq artisti Abbas Mirzə Şərifzadə, ulu nənəsi Azərbaycan teatr tarixinin parlaq sənətkarı, SSRİ xalq artisti Mərziyyə Davudovadır.

Eldarın nənəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılarından, korifeylərindən biri, xalq artisti Firəngiz Şərifovadır. Babası əməkdar mədəniyyət işçisi, mərhum Bala Qasımov da bir müddət bizim teatrın direktoru işləyib.

Azərbaycanda keçirilən müsabiqə vaxtlarından teatrımızın kollektivi Eldarın çıxışlarını böyük maraqla izləyirdi. Biz ona çox inanırdıq. Burada qələbə çalıb "Evrovision-2011" müsabiqəsinə gedəndə və orada Nigar xanımla uğurlu çıxış edəndə çox sevindik. O, təkcə bizim yox, həm də bütöv Azərbaycan və türk xalqlarının inamını doğrultmaqla sevincimizi ikiqat artırdı.

Eldar əfsanəvi qəhrəman Koroğlunun cavanlıq adıdır. Nigar isə gözəllik mücəssəməsi olmaqla Koroğlunun (Eldarın) sadiq ömür-gün və döyüş yoldaşı olub. Bax bu incəsənət müsabiqəsində də həm Eldar Qasımov və həm də Nigar Camal öz sənətləri, istedadları ilə çox böyük yarışa girib 43 ölkədən olan sənətçilərə qalib gəlib, tariximizin şanlı qəhrəmanlarının adını doğrultdular. Deməli, bu adlar onlara əbəs yerə qoyulmayıb.

Eldar isə bu qələbəsi ilə bizim kollektivə ikiqat sevinc gətirib. Bu bayramı biz böyük təntənə ilə yaşayırıq və sevimli aktrisamız Firəngiz xanımı təbrik edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə