“Global message” adlı virtual sərgi təşkil olunub FOTOLAR

“Global message” adlı virtual sərgi təşkil olunub. Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür. SİA-nın məlumatına görə, sərgi rəssam Zaur Kantemirov tərəfindən yaradılan plakatlar vasitəsilə bütün dünyanı təsiri altına alan koronavirus (COVID-19) pandemiyasından insanları qorumaq, karantin qaydalarına əməl etmək və orijinal yanaşmanı göstərmək məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, Zaur İslam oğlu Kantemirov 1942-ci ildə Bakı şəhərində anadan olub. O, M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək bir çox layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb.

Zaur Kantemirov 1992-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə