Nəriman Həsənzadənin “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

Nəriman Həsənzadənin “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində şairin 7 cilddə nəşri nəzərdə tutulan "Seçilmiş əsərləri"nin yeni çapdan çıxan 4 cildinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov bildirib ki, müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi xidmətləri olduğundan şairi həm vətənpərvər, həm də sevgi şairi kimi tanıyır.

"Nəriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası haqqında danışmaq deməkdir"- deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov xalq şairinin ədəbiyyatımızda özünəməxsus yerə sahib olduğunu diqqətə çatdırıb. "Həsənzadənin müasir Azərbaycan poeziyasında özünəməxsus yeri var. N.Həsənzadə öz gözəl, nəcib şeirləri ilə insanın qəlbinə rahatlıqla yol tapa bilir. O, şeirlərində həyatın hər üzünə toxunub. O, həm vətənpərvər, həm dövrünün ictimai-siyasi mövzularını qələmə alan, həm sevgi mövzusunu səmimiliklə qələmə alan lirik şair kimi tanınır. Şairin şeirləri axıcı, səlis, mənalıdır"-, deyə əlavə edib.

Sonra kitabxananın əməkdaşlarının hazırladığı elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub. Təqdim olunan elektron bazasında xalq şairinin həyat və yaradıcılığı haqqında məlumat, şairin öz əsərləri (kitablar, məqalələr) və haqqında yazılan əsərlər, görkəmli şəxslərin şair haqqında söylədikləri, şeirlərinə bəstələnən musiqilər, şairin fotoşəkillərindən ibarət fotoqaleriya öz əksini tapıb.

Tədbirin sonunda iştirakçılar Nəriman Həsənzadə yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.

Qeyd edək ki, "CBS" nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə