“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub FOTOLAR

Musiqi məktəblərinin inkişafına Azərbaycanda reallaşan mədəniyyət siyasəti çərçivəsində xüsusi diqqət ayrılmaqdadır. Həmin məktəblərin tanıdılması və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər görünməkdədir. Mövcud istiqamətdə atılan növbəti addım estrada sinfinin inkişafı ilə bağlıdır. SİA-nın məlumatına görə, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış mütəxəssislərin iştirakı ilə ilk müzakirələr aparılıb. Müzakirədə məktəbin direktoru Əziz Qarayusifli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Məryəm Babayeva, Xalq artisti, Bakı Musiqi Akademiyasının “Vokal” kafedrasının professoru Natavan Şeyxova, Əməkdar İncəsənət Xadimi Rafiq Seyidzadə, Azərbaycan Milli Konservatoriyasının “Milli Vokal” kafedrasının baş müəllimi, caz festivalları laureatı Rövşən Rzayev və V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru, Əməkdar İncəsənət xadimi Akif Süleymanbəyli iştirak ediblər.

Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova tədbirin əhəmiyyətindən söz açıb. Təqdim olunmuş tədris planının layihəsi müzakirə və təhlil olunub, hər bir mütəxəssis ayrı-ayrılıqda yeni təkliflər irəli sürüb və tədris planına əlavələrin daxil edilməsi haqqında öz fikirlərini bildiriblər.

Müzakirədə dəvət olunmuş mütəxəssislərlə yanaşı, məktəbdə Estrada ixtisası üzrə fəaliyyət göstərən gənc müəllimlər də iştirak edib.

Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qonaqlara təşəkkür edib, respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində “Estrada sənəti” sinfinin yaradılmasının müsbət rolundan, peşəkar mütəxəssislərlə birgə tədris proqramlarının yenilənməsi və bu ixtisasın inkişaf etdirilməsi üçün ustad dərslərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...