Turistlərin səyahət seçimi - Odlar Yurdu

Turistlərin səyahət seçimi - Odlar Yurdu

Bakı İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindəndir. Müstəqilliyini bərpa etdikdən sonra yeni sosial-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və bu əlaqələrin bir qolu olan turizm sahəsində görülən işlər təqdirəlayiqdir. Təbii ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi və turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir. Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində, Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə, müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir.

Xatırladaq ki, Odlar Diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var.

Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır.

AZƏRBAYCANDA BÜTÜN DİNLƏRİN VƏ ETNİK QRUPLARIN NÜMAYƏNDƏLƏRİ BİRGƏ YAŞAYIR

Azərbaycanda tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi dünyada yüksək imicə malikdir. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilirlər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Bəli, bu gün dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bu gün müsəlman ölkələri ilə yanaşı, yəhudilərin və xristianların da, ən çox səyahət etdikləri ölkə kimi, Azərbaycanı seçirlər. Əhalisi, əsasən, müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlər boyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan 30 minlik yəhudi icması isə Azərbaycanda əsrlərdir ki, yaşamaqdadır. Ölkəmizdə mövcud olan vəziyyət və reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi və tolerantlıq bu gün yeni mərhələdədir.

ÖLKƏMİZİN TURİZM İMKANLARININ DÜNYA DÖVLƏTLƏRİNDƏ TƏQDİMİ DƏ TURİSTLƏRİN ÖLKƏMİZƏ AXININI ARTIRIR

İsrail vətəndaşlarının, 2019-ci ilin yanvar-iyul ayları ərzində, ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb. Bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti "Ynet" ölkənin "Amadeus" şirkətinə istinadən açıqlayıb.

Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb. İlk 10-luğa, həmçinin, Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.

Təbii ki, ölkəmizin turizm imkanların dünya dövlətlərində təqdimi də turistlərin ölkəmizə axınını artırır. Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunmuş "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı" (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib. İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin "Laisha", "Walla!", "Israel Today", "Yediot Achronot", "Passport-Globes", "Lametayel", "Mako" kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. İyul ayından başlayaraq, İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb. Aylıq 1,4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan "Lametayel" jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda, jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40082 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə, Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması və yeni iş yerlərinin açılması baxımından da, sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə