Vaxtanq Kikabidze sabah Bakıya gələcək

Vaxtanq Kikabidze sabah Bakıya gələcək
Xəbər verdiyimiz kimi noyabrın 21-də, saat 19.00 Bakıda Gürcüstanın tanınmış müğənnisi Vaxtanq Kikabidzenin solo konserti baş tutacaq. Bununla bağlı olaraq müğənni noyabrın 19-da Bakıya gələcək. Bu barədə SİA-ya Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib. Məlumata görə, müğənninin Azərbaycana səfərinin məqsədi Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış etməkdir.

Vaxtanq Kikabidzenin konsertdən iki gün əvvəl gəlməsinə səbəb çox sevdiyi Bakını gəzmək, buradakı dostları ilə görüşmək, eləcə də Azərbaycandakı pərəstişkarları üçün hazırladığı xüsusi proqramın məşqlərində iştirak etməkdir. Azərbaycanda kifayət qədər tamaşaçı auditoriyasına sahiblənən gürcüstanlı müğənninin Bakıya 15 nəfərlik komandası ilə gələcəyi bildirilir. Vaxtanq Kikabidzenin paytaxta təyyarə ilə yox, xüsusi avtomobillə gələcəyi gözlənilir.

A. Fərəczadə onu da vurğulayıb ki, konsertin biletlərinin satışı şəhərin bütün mərkəzi kassalarında həyata keçirilir. Artıq biletlərin bir qisminin satıldığını deyən mətbuat katibi, proqramda Vaxtanq Kikabidzenin ifasında yaddaqalan mahnılarını səslənəcəyini diqqətə çatdırıb. Müğənni mahnıları əsasən rus dilində səsləndirəcək. "Ya jizn ne toroplyu" adı altında Heydər Əliyev Sarayında baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manat arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə