İstanbulda Azərbaycanın rəqs ansamblının konserti olub FOTOLAR

İstanbulda Azərbaycanın rəqs ansamblının konserti olub FOTOLAR

İstanbulun Küçükçəkməcə bələdiyyəsinin Yahya Kamal mədəniyyət mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblı tərəfindən geniş və baxımlı konsert proqramı təqdim edilib.

SİA-nın məlumatına görə, "Mənim Azərbaycanım" adlı bu proqramda türkiyəli tamaşaçılara milli rəqslərimizlə yanaşı, həmçinin, “Koroğlu” dastanı əsasında hazırlanmış 45 dəqiqə davam edən milli balet də göstərilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” folklor, təhsil və araşdırma mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməcə bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən bu möhtəşəm layihənin bədii rəhbəri və baş baletmeysteri Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli sənətkar Dukalu Muzakayevdir.

Əsasən xalq mahnıları və klassik Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyov, Arif Məlikov, Rauf Hacıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və digərlərinin şaqraq melodiyaya malik musiqiləri əsasında hazırlanmış bu kompozisiya öz əsrarəngiz gözəlliyi, baxımlılığı və monumental miqyası ilə hamını heyran edib.

Azərbaycanın xalq səhnə rəqsinin banisi, xalq artisti, unudulmaz və əvəzedilməz Ağababa Abdullayevin vaxtilə quruluş verdiyi “Toy”, “Bahar”, “Ağ çiçək”, “Tərəkəmə” və s. rəqslər rəqqasalərin ifasında şuxluğu, elastikliyi, zərifliyi ilə göz oxşayırdı. Necə deyərlər, durna boğazlı, siyah telli, badam gözlü, püstə dodaqlı qızların səf düzümü bu klassik milli rəqslərimizə xüsusi gözəllik verirdi. Rəqqasələrdən Gülnarə İsmayılovanın “Toy” və Saina Əhmədovanın qavalla ifasını xüsusi qeyd etmək lazımdır.

Eləcə də, “Qazağı”, “Qaytağı”, “Şələqoy” kimi rəqslər də çətin elementlərdən ustalıqla istifadə edən rəqqasların ifasında təkrarsız və cəlbedici olub. Azərbaycan Respublikasının əməkdar artisti, baletmeyster Xanlar Bəşirovun iştirakı ilə təqdim olunan “Gənclik” rəqsi isə milli adət-ənənələrimizin, ruhumuzun, soy kökümüzün təqdimatı ilə fərqlənib. Azərbaycanlı bəyin səhnədə əsil milli bəylərə xas hərəkəti, yerişi, ədası və jestləri ilə gənclərə tövsiyəsi salondakılarda xoş ovqat yaradıb.

Bu kompozisiyanın əhəmiyyətli cəhətlərindən biri də bədnam qonşularımızın özününküləşdirməyə çalışdıqlarına rəğmən unudulmaqda olan bəzi xalq mahnı və rəqslərimizi bərpa edərək qastrol səfərləri zamanı bunların əsil Azərbaycan havası və rəqsi olduğunu bütün dünya tamaşaçılarına çatdırmaq amacıdır.

Üç saatdan çox davam edən bu kompozisiya-tamaşada aparıcı solist olan, eləcə də qəhrəman Koroğlu obrazını canlandıran Azərbaycan Respublikasının xalq artisti Rüfət Xəlilzadənin əməyini xüsusi vurğulamaq lazımdır. Plastikası, çevikliyi və çətin elementlərin ifasında ustalığı ilə fərqlənən R.Xəlilzadənin Koroğlusu düşmənə qarşı amansız, cəsur olmaqla bərabər, həm də nikbindir. O, döyüşə inamla, qərarlı şəkildə can atır. Koroğlu və dəlilərinin misri qılıncı havada oynadaraq hücuma keçmələri an salonda “Türkiyə”, “Türkiyə” sədalarının səsləndirilməsi bu gün Afrində beynəlxalq terrorizmə qarşı ədalətli mücadilə aparan Türk Mehmetciklərinə Xalqımızın göstərdiyi mənəvi, sənət dəstəyi kimi dəyərləndirilməlidir.

Tamaşadan sonra xalq artisti Rüfət Xəlilzadə bildirib ki, 30 ildir bizim rəqs ansamblımız qardaş ölkəyə gəlməyib. Bunu təşkil edən hər kəsə təşəkkürünü bildirərək, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan sonra incəsənət sahəsində böyük işlər görüldüyünü bildirib.

O, qeyd edib ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin yaxından dəstəyi və qayğısı nəticəsində bu kompozisiya-tamaşa baş tutub. Bu proqramın son dərəcə vacib olduğunu əlavə edən R.Xəlilzadə bununla milli mədəniyyətimizin, adət-ənənələrimizin, geyim növlərimizin, kimliyimizin-ümumilikdə genetik kodumuzun dünyaya çatdırılmasında müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Kaymakan Harun Kaya bu bənzərsiz, əsrarəngiz musiqi gecəsindən xüsusi zövq aldığını qeyd edərək, “52 yaşımda hələ belə möhtəşəm xalq rəqs ansablının ifasını görməmişdim”-deyə söyləyib.

Hazarfemin rəhbəri Nuran Acar “axır ki, istəyimizə nail olduq” – deyərək bu proqramın gerçəkləşməsində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib.

O, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini dilə gətirməklə Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi olmasını arzulayıb. N.Acar əlavə etdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş ilk tədbirin məhz Türkiyədə keçirilməsi də təsadüfi deyil. Bu var olan əsil dostluq və qardaşlığın bariz nümunəsidir. Tədbiri izləyənlər arasında Türkiyənin ünlü sənətçiləri, dövlət xadimləri, millət vəkilləri, İstanbul ictimaiyyətinin tanınmış simaları, Azərbaycan diasporunun nümayəndələri də olub.

Müəllif: Sia.az

Bütün xəbərlər Facebook səhifəmizdə