Nazir müavini Rumıniyanın Azərbaycandakı Səfiri və Bolqarıstanın ölkəmizdəki Səfirliyinin birinci katibi ilə görüşüb FOTOLAR

Nazir müavini Rumıniyanın Azərbaycandakı Səfiri və Bolqarıstanın ölkəmizdəki Səfirliyinin birinci katibi ilə görüşüb FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Nazim Səmədov ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Yanko Yankiev və Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İanku arasında görüşlər keçirilib.

SİA-nın məlumatına görə, Y.Yankiev ilə keçirilən görüşdə Azərbaycan və Bolqarıstan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı turist axını insanlararası kontakt, qarşılıqlı məlumatlılıq, anlaşma və dialoqun əlverişli vasitəsi, xalqların sosial rifahına töhfə kimi qiymətləndirilib. Nazir müavini turizm sahəsinin qeyri-neft sektoru kimi inkişaf etdirilməsi və Azərbaycana gələn turistlərin sayının artırılması məqsədi ilə ölkəmizdə aparılan islahatlar barədə məlumat verdi, ölkə rəhbərliyinin təşəbbüsü ilə 2018-ci ilin 16 yanvar tarixindən fəaliyyətə başlayacaq birbaşa aviareyslərin turist mübadiləsinə töhfə verəcəyini bildirib. Nazir müavini sözügedən aviareyslərin iqtisadi səmərəliliyinin artırılması məqsədilə Azərbaycan və Bolqarıstanda birgə təbliğat işlərinin aparılmasını, o cümlədən turoperatorlar və jurnalistlər üçün infoturların təşkil olunması və elektron marketinqin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüşdə həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi müzakirə edildi və səfirlik tərəfindən yerli tur operatorlar üçün Bolqarıstana səyahətlə bağlı viza prosedurlarına dair təqdimat keçirilməsinin mümkünlüyü qeyd olunub.

Nazim Səmədov ilə Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İanku arasında keçirilən görüşdə Azərbaycan və Rumıniya arasında mədəniyyət və turizm sahələrində görülən işlər, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair hüquqi bazanın zənginləşdirilməsi, turizm və mədəniyyət müəssisələri arasında birbaşa əməkdaşlığın təşviqi, müvafiq sahələrdə bilik və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb. Nazir müavini tərəfindən Azərbaycan və Rumıniya arasında turizm üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və qarşılıqlı turist axınının genişləndirilməsi məqsədilə turizm üzrə birgə komissiyanın yaradılması, birbaşa aviareyslərin açılması imkanlarına qarşılıqlı şəkildə baxılması təklif edilib. Görüşdə əldə olunan razılığa əsasən, daha rahat və iqtisadi cəhətdən səmərəli olacaq Bakı-Sofiya-Buxarest aviareyslərinin açılması məsələsi nəzərdən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə