Azərbaycan İSESKO-nun İcraiyyə Şurasının 38-ci iclasında təmsil olunur FOTO

Mərakeşin Rabat şəhərində İSESKO-nun İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir. SİA-nın məlumatına görə, sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Sessiyanın açılış mərasimində çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri son bir ildə təşkilat tərəfindən həyata keçirilən layihələr, müsəlman ölkələri arasında əməkdaşlıq, islamafobia və terrorizmə qarşı mübarizə fəaliyyətinin vacibliyini qeyd edib. Cənab Əl-Tüveycri müsəlman ölkələrinə qarşı ədalətsizliyi vurğulayaraq Azərbaycan torpaqlarının işğal altında olduğunu, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini, bu kimi digər münaqişələrin həll edilməsinin zəruriliyini bəyan edib.

Daha sonra sessiya işçi iclaslarına başladı. Sessiyada İSESKO-nun 2019-2027-ci illər üçün strateji planı, 2019-2021-ci illər üçün fəaliyyət planı və təşkilatın 2016-2017-ci illər üzrə hesabatının müzakirəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə