Etibar Nadiroğlunun iki kitabı çapdan çıxıb

Etibar Nadiroğlunun iki kitabı çapdan çıxıb

Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlunun bu günlərdə iki kitabı çapdan çıxıb. SİA-nın məlumatına görə, kitablar Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qoşqar Əhmədovun ömür yoluna həsr edilib.

Birinci kitab - "İnsan, insan, insan..." kitabı məşhur elm adamı, keçmiş SSRİ və dünyada belə öz elmi yenilikləri ilə diqqətlərdə olmuş alimin yaddaşlarda qalan fəaliyyəti əks edilib. O, həm də ictimai şüurda nəcib xüsusiyyətləri, xeyirxah əməlləri, səxavəti, bir sözlə öz insanlıq dünyası ilə seçilib, sevilib.

Etibar Nadiroğlunun ikinci kitabı: "... haqqında yazılan şeirlər" kitabı alim haqqında yazılmış şeirlərin toplusudur. Belə ki, böyük alim - böyük insan haqqında müxtəlif zamanlarda 70-ədək şair tərəfindən 100 dən çox şeir və 4 poema yazılmışdır. Bu sırada Xalq şairləri Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, digər tanınmış söz ünvanları Aslan Aslanov, İlyas Tapdıq, Famil Mehdi, Musa Ələkbərli, Mikayıl Azaflı və s. olub.

Qoşqar Əhmədov xalqlar dostluğuna əməli fəaliyyətlə töhfə vermiş bir ziyalı kimi də xatirələrdə yaşamaqdadır. Onun rus, özbək, qırğız, türkmən, çeçen, ukrain və s. xalqların təmsilçiləri olan aspirantları və alim həmkarları ilə səmimi münasibətləri Azərbaycan adına onillərdir ki, şərəf gətirməkdədir.

Bu il məşhur alimin, əfsanə ömür yaşamış Qoşqar Əhmədovun 100 illik yubileyidir. Yubileyin Bakıda və Gədəbəydə təşkil edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə