Azərbaycan filmi Amerika Kino Akademiyası üzvlərinə təqdim olunacaq

Azərbaycan Oskar Komitəsinin 30 avqust tarixli iclasının qərarına əsasən, "Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" ("The Precinct") bədii tammetrajlı filmi Amerika Kino Akademiyası üzvlərinə təqdim olunacaqdır.

SİA-nın məlumatına görə, ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan "Sahə" filmi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" nominasiyasında Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcəkdir.

"Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstanın müştərək istehsalıdır. O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin "PaşaBank"ın iştirakı ilə ərsəyə gətirilib.

Yeni ekran əsərində baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Filmin quruluşçu operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

Filmin Azərbaycanda premyerası bu ilin payızına planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə