Azərbaycan mətbəxi Daşkənddə təmsil olunub FOTOLAR

Azərbaycan mətbəxi Daşkənddə təmsil olunub FOTOLAR

Daşkənddə "Xalqların adət-ənənələri və milli yeməkləri" mövzusunda xeyriyyə festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri təmsil edib.

Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edilib.

Festivalda Özbəkistanda səfirliklər və beynəlxalq təşkilatlar öz xalqlarının adət-ənənələrini nümayiş etdirib.

Sonda əldə olunan gəlir Daşkənddəki uşaq evlərinə verilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak ediblər.

Azərbaycan tərəfi builki festivalda iştirakını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr ediblər.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin, şirniyyatlarımızdan şəkərbura, paxlava və digər təamlar qonaqlara təklif olunub.

Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilib.

Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, musiqi alətləri, həmçinin, məişət əşyaları nümayiş etdirilib.

Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənib.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırılıb, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülüb.

Qeyd edək ki, festival yerli KİV-lərdə geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə