Ölkəmiz İrs Festivalında təmsil olunub FOTOLAR

Bəhreyn Kralı Həməd Bin İsa El Xəlifənin rəhbərliyi altında Bəhreyn Krallığının Milli Muzeyində Mədəniyyət və Əntiq Əşyaları Nazirliyinin təşkilatçılığı ilə "Bizim Bəhreynin vokal dalğaları" adlı 24-cü İllik İrs Festivalının açılış mərasimi keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ənənəvi olaraq, hər il keçirilən festivalın əsas məqsədi Bəhreynin qədim adət-ənənələrini özündə əks etdirmək və zəngin irsini qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

Festivalda xalq yaradıcılığı fəaliyyəti ilə məşğul olan ustaların əl işləri, dulusçuluq və toxuculuq sənətinə aid eksponatlar, milli mətbəx və içkilər, həmçinin, azyaşlı uşaqların yaradıcılıq bacarıqları nümayiş etdirilib.

Tədbirdə Bəhreyn Kralının ailə üzvləri, yüksək səviyyəli dövlət və iş adamları, Bəhreyndə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklər və xaricdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov təmsil edib.

Qeyd edək ki, festival çərçivəsində Bəhreynin Mədəniyyət və Əntiq Əşyaları Naziri və Dünya İrsinin Ərəb regional Mərkəzinin direktor müavini ilə görüş keçirilib və muzeylərarası geniş, ikitərəfli əlaqələr qurulması barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə