Nazir müavini Fransanın turizm nümayəndələri ilə görüşüb FOTOLAR

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bakıda keçirilən "AİTF" Beynəlxalq Turizm Sərgi-Yarmarkasında iştirak məqsədilə Azərbaycan Respublikasında səfərdə olan Fransanın turizm sənayesinin nümayəndələri ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Fransanın turizm sahəsində əldə etdiyi nailiyyətlər barədə danışılıb və bu təcrübənin Azərbaycan üçün faydalı olduğu qeyd olunub.

Qəbulda iştirak edən Fransanın turizm şirkətlərinin nümayəndələri, həmçinin, təbliğat, MİCE turizm və elektron marketinq üzrə mütəxəssislər ölkəmizin geniş turizm potensialına malik olduğunu vurğulayaraq, "AİTF" Beynəlxalq Turizm Sərgi-Yarmarkasının Azərbaycanın bu potensialının dünya turizm bazarına çıxarılmasına töhfə verəcəyini bildiriblər.

Həmçinin, Azərbaycanın Fransada təbliğatının davam etdirilməsi, fransız assosiasiyalarının Azərbaycanda konfranslarının, 2016-cı ilin may ayında Parisdə Azərbaycanın turizm imkanlarına dair təqdimat-seminarın təşkili, eyni zamanda, Fransanın Turizm Assosiasiyası (SNAV) tərəfindən 2016-cı ilin iyun ayında Azərbaycanda keçiriləcək tədbir barədə müzakirələr aparılıb.

Nazir müavini Nazim Səmədov Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlığın müsbət dinamikasından, son illər ərzində iki ölkə arasında turist səfərlərinin artmasından və turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, görüşün sonunda Nazim Səmədov qonaqlara Bakının qədim abidələrini ziyarət etməyi tövsiyə edib və qonaqların səfərinin təşkilinə dair müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə