Ferens List Kamera Orkestri “Arazbarı” ifa edəcək

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı mayın 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq Budapeştin Ferens List Kamera Orkestrinin konsert proqramına daxil edilib.

Heydər Əliyev Mərkəzindən SİA-ya verilən xəbərə görə, orkestr 2011-ci ildə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Məhz, həmin səfər zamanı kollektiv Azərbaycan musiqisi, o cümlədən, dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından tanış olub.

"Biz bakılılar üçün sürpriz hazırlayırıq. Onlar bizim ifamızda Azərbaycan klassikinin məşhur əsərini – "Arazbarı"nı eşidəcəklər. Həmin əsəri Bakıda məmnuniyyətlə ifa edəcəyik. Əlbəttə ki, konsertdə macar bəstəkarları List və Bramsın əsərlərini də təqdim edəcəyik. Onlar bizim vizit kartımızdır", - deyə orkestrin bədii rəhbəri Peter Tfirst bildirib.

Orkestr Bakıya özünün "şah" proqramını – Qərb klassikləri və macar musiqisinin korifeyləri List və Bramsın əsərlərini də gətirir.

Qeyd edək ki, konsertdə həmçinin, virtuoz-skripkaçı Yozef Lendvay solist kimi çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə