Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı növbəti zona müşavirəsi keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutan müşavirədə Mədəniyyət və Turizm Nazirliyi elm, təhsil, gənclərlə iş şöbəsinin əməkdaşları, həmçinin, Bakı şəhəri və ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən 32 məcburi köçkün uşaq musiqi, incəsənət məktəblərinin direktorları, tədris işləri üzrə direktor müavinləri iştirak edib.
Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyatı qərar və sərəncamlarının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarının, habelə, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən digər normativ sənədlərin, yeni nümunəvi əsasnamə, tədris planları, tədris proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumatlar və izahatlar verilib.
Sözügedən məktəblərin bəzilərində üzə çıxan nöqsan və çatışmazlıqlar məktəb direktorlarının nəzərinə çatdırılıb və məktəblərdə əmək, maliyyə, icra intizamının gücləndirilməsi, tədris və kargüzarlıq sənədləri üzrə işin təkmilləşdirilməsi onlara tapşırılıb.
Bununla yanaşı, bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, zonalar üzrə müşavirələr cari ilin aprel-may aylarında davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB