Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş "Azərbaycanlı olmaq böyük şərəfdir" adlı sənədli filmin təqdimatı keçirilib. SİA-ın verdiyi xəbərə görə, "Vətənpərvərlik kinosu günləri" çərçivəsində nümayiş olunan tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları iştirak edib.
Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Qəhrəmanın döyüş yoldaşı Nazim Hüseynov onun keçdiyi döyüş yolundan söz açaraq xatirələrini bölüşüb. Qeyd olunub ki, şərəfli və zəngin döyüş yolu keçən Milli Qəhrəmanımızın əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni separatçılarının nəzarətindən tamamilə çıxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək bildirib ki, keçirilən belə tədbirlərin əsas məqsədi, zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etmək, o cümlədən torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi əzmini yaratmaqdan ibarətdir.
Sonda "Azərbaycanlı olmaq böyük şərəfdir" sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, Əlif Hacıyev 1953-cü ildə Xocalı şəhərində anadan olub. 1992-ci il fevralın 25-də Xocalıda misilsiz rəşadət göstərərək qəhrəmancasına həlak olub. Elə həmin il Daxili İşlər Nazirliyinin əməkdaşı, mayor Əlif Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB