Azərbaycan Dövlət Musiqili Teatr daha bir premyeraya hazırlaşır. Teatrın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyası təqdim olunacaq. Məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.
"Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri Xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazırlanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir. Kənddə isə yalnız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq üçün bu səhnəni – Baladadaşın "bəy hamamını" - dənizdə çimməsini lentə alıb nümayiş etdiriləcək. Bunla da həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq", - deyə Cənnət Səlimova bildirib.
Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB