Tehranda İran Aşıqlar Birliyinin təqdimatı keçirilib

Tehranda İran Aşıqlar Birliyinin təqdimatı keçirilib

Tehranın Niyavəran mədəniyyət mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilib.

İran Aşıqlar Birliyinin yaradılmasının əsas məqsədi, aşıqları öz ətrafında birləşdirərək qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, aşıq sənətini və poeziyasını gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Tədbirdə İran İslam Respublikasının parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları ilə yanaşı, İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şahbazi də çıxış edərək təşkilatın yaradılmasının məramından danışıb.

Həmçinin tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun və Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təbrik məktubları da oxunub.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə-Axundova çıxış edərək, aşıq sənətinin incəliklərindən danışmışdır. Xalqlarımızın yaxınlaşmasında, mədəni əlaqələrimizin inkişafında aşıq sənəti mühüm rol oynayır. Odur ki, istər İranda, istərsə də Azərbaycanda bu sənəti qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır.

Mərasim zamanı İAB-nin loqosu tədbir iştirakçılarına təqdim edilib.

Tədbir bədii hissəsində İran və Azərbaycan aşıqlarının ifaları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə