"Qlobus" teatrı mətbuat konfransı keçirib

"Qlobus" teatrı mətbuat konfransı keçirib

Londonun "Qlobus" teatrı Bakıya gəlib və "Hamlet" tamaşasını paytaxt sakinlərinə təqdim edib. SİA-nın məlumatına görə, bu münasibətilə Akademik Milli Dram Teatrında qonaqların iştirakı ilə mətbuat konfransı keçirilib.

Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "Britiş Council", Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə ölkəmizdə reallaşan bu görüş bütün sənət adamlarını sevindirdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda "Hamlet" dəfələrlə tamaşaya qoyulub və tamaşaçılar tərəfindən olduqca bəyənilib.

Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort "Qlobus" Teatrının "Hamlet" tamaşasını 109 ölkədə nümayiş etdirməyi qərara aldığını söyləyib. Bildirib ki, U.Şekspirin anadan olmasının 450 və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" Teatrı 2014-cü il aprelin 23-dən 2016-cı il aprelin 23-dək davam edəcək dünya turnesinə çıxıb.

Vurğulanıb ki, teatrın əsas məqsədi "Hamlet" tamaşasını iki il müddətində dünyanın bir çox ölkəsində nümayiş etdirməkdir.

Tamaşanı Azərbaycandan sonra 65 ölkədə də nümayişi nəzərdə tutulur. Ən son dayanacaqlarının Türkmənistan olacağını söyləyən T.Bort "Hamlet" tamaşasını yanvarda İranda təqdim edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə