Kolumbiya Respublikasının Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının əsas orqanı olan və hər iki ildən bir keçirilən Baş Assambleyanın 21-ci Sessiyası işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə ölkəmizin Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov daxil edilib.
Tədbirin ilk günlərində BMÜTT Avropa üzrə Regional Komissiyanın 59-cu iclası və İcraiyyə Şurasının 101-ci sessiyası baş tutub. Qeyd edilməlidir ki, Azərbaycan hazırda İcraiyyə Şurasının üzvüdür və Şuranın iclaslarında səsvermə hüququna malikdir.
Avropa üzrə Regional Komissiyanın 59-cu iclasında təşkilatın müxtəlif komitələrinə üzvlər seçilmiş, eləcə də İcraiyyə Şurasında təmsil ediləcək ölkələr müəyyən edilmişdir. İcraiyyə Şurasına rəhbərliklə bağlı səsvermə 17 sentyabr tarixində baş tutacaqdır. Bununla bağlı ölkəmiz namizədliyini irəli sürüb.
Məlumat üçün bildiririk ki, İcraiyyə Şurasının bundan öncəki, 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan böyük uğura imza atıb. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sessiyada Azərbaycan Respublikasının təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı geniş müzakirələr aparılmış və nəticədə Şura üzvlərinin dəstəyi ilə qərar mətni qəbul edilib. Qərarda bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etik Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etik prinsiplərinə uyğun həyata keçirilməli olduğu vurğulanıb.
Qərarın mətni ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:
http://dtxtq4w60xqpw.cloudfront.net/sites/all/files/pdf/ce100_decisions_en_0.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB