Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində Bakı Turizm Peşə Məktəbini ziyarət edib. Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov da iştirak edib. SİA-nın məlumatına görə, görüş zamanı nazir müavini Nazim Səmədov Bakı Turizm Peşə Məktəbi ilə tanış olmuş və onun texniki imkanları barədə məlumatlandırılıb.
Tanışlıqdan sonra Bakı Turizm Peşə Məktəbinin yeni təyin edilmiş direktoru Neylüfər Kərimova məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib. N.Kərimova qeyd edib ki, Peşə Məktəbinin fəaliyyəti ölkədə turizm sahəsində peşəkar kadr hazırlığına öz töhfəsini verərək xidmət keyfiyyətinin təkmilləşdirilməsində özünəməxsus rol oynayıb.
Nazir müavini Nazim Səmədov Peşə məktəbindən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırıb, görüləcək işlər və gələcək əməkdaşlığa dair müvafiq tövsiyələr verib.
Məktəbdəki ixtisaslar üzrə kadr hazırlığının turizm sənayesinin gələcəyinə təsirindən danışan nazir müavini bu ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi və yeni ixtisasların yaradılmasının müvafiq araşdırmalara, eləcə də turizm sektorundakı mövcud tələblərə uyğun formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan, müasir turizm bazarında kadrlara olan mövcud tələbatın müəyyənləşdirilməsi məqsədilə Nazirlik tərəfindən müvafiq sorğuların keçirilməsi və əldə edilən nəticələrin təhlili nəticəsində tələb olunan ixtisasların siyahısının yaradılması nəzərdə tutulub.
Bununla yanaşı, N. Səmədov turizm sənayesi nümayəndələrinin iştirakı ilə ATMU-da keçirilən karyera yarmarkalarında Peşə Məktəbinin yaxından iştirakı, eləcə də turizm sənayesi nümayəndələri ilə iş birliyinin gücləndirilməsinə dair müvafiq addımların atılmasını təklif edib.
Xatırladırıq ki, Bakı Turizm Peşə Məktəbində turizm agenti, aşpaz, barmen, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadrlar hazırlanmaqdadır. Gələcəkdə bu ixtisasların sayının artırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB