Yubiley qeyd ediləcək

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Cəfər Namiq Kamalın yubileyi qeyd ediləcək. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Akademik Milli Dram Teatrında M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası oynanılacaq.

Tamaşada əsas rollardan birini ifa edən aktyor doğum gününü səhnədə qeyd edəcək. C.N.Kamalın iştirak etdiyi tamaşa M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, bəstəkarı, xalq artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.

Qeyd edək ki, Cəfər Namiq Kamal 1950-ci ildə Bakıda doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. Sənət fəaliyyətinə Gənc Tamaşaçılar Teatrından başlayan aktyor, 1996-cı ildən Milli Dram Teatrında çalışır. O, teatrla yanaşı bədii filmlər və seriallara da çəkilir. Cəfər Namiq Kamal 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2013-cü ildə Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə