“İçərişəhər - Canlı Tarix. Tarazlı qorunma və inkişaf” FOTOLAR
Aprel ayının 17-də Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhər - Canlı Tarix. Tarazlı qorunma və inkişaf" mövzusunda konfrans keçirib. Dövlət Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan İdarə rəisi Samir Nuriyev bildirib ki, YUNESKO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının (İCOMOS) 1983-cü ildə qəbul etdiyi qərarı əsasında hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.
İdarə rəisi bildirdi ki, bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsimizin qorunması, bərpası və gələcək nəsillərə olduğu kimi çatdırlması məsələlərinə yönəltməkdir. Nitqinin davamında Samir Nuriyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarını rəhbər tutaraq İdarə tərəfindən İçərişəhərin qorunması və bərpası sahəsində, eyni zamanda qoruq sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən söhbət açdı. İdarə rəisi milli-mədəni irsimizin, o cümlədən İçərişəhərin, mühafizəsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliğ edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolunu xüsusi vurğuladı.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev öz çıxışında bütün dünyada qeyd olunan bu günün önəmini vurğulayaraq bildirdi ki, ölkəmizdə, o cümlədən də İçərişəhərdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində son illərdə genişmiqyaslı işlər görülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə inteqrasiyasını təmin edir.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbəy Qasımzadə çıxış edərək son illər Azərbaycan memarlığının inkişafında İçərişəhərin rolunu xüsusi vurğuladı və "İçərişəhər" DTMQ İdarəsinin rəisi cənab Samir Nuriyevin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək "Azərbaycan Memarlığının inkişafında göstərdiyi xidmətlərə görə" fəxri fərmanı təqdim etdi. Bundan başqa İdarənin bəzi əməkdaşları və bir qrup memar da fəxri fərmanlarla təltif edildi.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında tarix və memarlıq abidələrinin xalqın tarixi, iqtisadiyyatı, mədəniyyəti, zəngin ədəbiyyatı, incəsənət və musiqisi haqqında tam təsəvvür yaratmağa geniş imkan verdiyini, xalqın milli sərvəti olan tarix və mədəniyyət abidələrini qorumağın labüdlüyünü vurğuladı.
Bundan sonra tədbirdə Miniatür Kitab Muzeyinin təsisçisi, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Zərifə xanım Salahova "Miniatür Kitab Muzeyinin İçərişəhərin sosial-mədəni həyatında rolu", "Atelier Erich Pummer GmbH" şirkətinin nümayəndəsi Çingiz Neymanzadə "Bəylər məscidinin konservasiya layihəsinin hazırki mərhələsi" və İdarənin şöbə müdiri Anar Quliyev "İçərişəhərdə Ənənəvi incəsənət Mərkəzi" mövzularında çıxışlar edilmişdir. Məruzələr dinlənildikdən sonra çıxışlar ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda konfrans iştirakçıları "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti, Bəylər məscidinin konservasiya layihəsi və Miniatür Kitab Muzeyi ilə yerində tanış olmuşlar. Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova İdarə rəisinə Muzeyin 2014-cü ildə "Ginnesin rekordlar Kitabına" daxil edilməsi prosesində İdarənin əməkdaşları tərəfindən göstərilən köməyə görə bir daha təşəkkürünü bildirib. Qonaqlara ətraflı məlumat verilmiş və konfrans iştirakçıları İçərişəhərdən xoş təəssüratlarla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB