Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı keçirilib FOTOLAR
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatının birgə təşkilatçılığı ilə Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə mərasim keçirib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəyliyi Günü münasibəti ilə Dünya azərbaycanlılarına təbriki oxunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə salona toplaşanları təbrik etmiş, bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
H.Quliyev bildirib ki, ilk dəfə 1991-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonradan Azərbaycanın bütün ərazisində keçirilməyə başlanıb. Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin tarixi qərarının mahiyyəti haqqında söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycanın dünyada nüfuzunun artması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da məlumat verib.
Daşkənddəki Azərbaycan diaspora təşkilatının rəhbəri Mobil Məmmədov həmrəylik gününün elan olunması ilə əlaqədar qərarın tarixi əhəmiyyətindən, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlardan danışıb.
Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və başqaları bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində bu bayramın əhəmiyyəti haqqında söhbət açıblar.
Sonra Azərbaycan diaspora təşkilatı və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti adından səfir Hüseyn Quliyevə, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və bu qurumların aktiv üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Rəsmi hissədən sonra mərasim iştirakçılarına ziyafət verilib.
Qeyd edək ki, Azərbaycan musiqisindən ibarət konsert proqramı təqdim olunub. Tədbirdə bir sıra müğənnilər Azərbaycan mahnılarını ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB