Bakı Uşaq Teatrı beynəlxalq proqramda təmsil olunacaq

Bakı Uşaq Teatrının əməkdaşı, ssenarist Arzu Soltan Polşanın Krakov şəhərində təşkil olunan Mədəniyyət Sahəsində İdarəetmə üzrə Vişeqrad Akademiyasının (The Visegrad Academy of Cultural Management -VACuM) açılış tədbirlərinə qatılıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi müxtəlif layihələrlə bağlı təqdimatla çıxış edəcək, maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.

VACuM bu sahədə çalışan mütəxəssislər üçün təşkil olunan uzunmüddətli təlim proqramıdır. Proqrama Vişeqrad ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) və Avropa Şərq Tərəfdaşlığı ölkələrində bu sahədə çalışan mütəxəssislər dəvət olunub.

Proqram mədəniyyət siyasəti və idarəetmə sahəsində bilik və bacarıqların, eləcə də professional imkanların və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Məqsəd, həmçinin iştirakçının öz ölkəsində islahat proseslərinin hazırlanmasında fəal rol oynamağa, yenilikçi və səmərəli üsullarından istifadə etməyə cəlb etməkdir.

Qeyd edək ki, layihə Avropa mədəni mübadilə şəbəkələrinin genişlənməsinə xidmət etməyi hədəf götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...