Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbul zamanı Əbülfəs Qarayev Lənkəran, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından olan 30-dək vətəndaşın müraciətini dinləyib.
Müraciətlər əsasən rayonlarda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, təmir və bərpası, turizm sahəsinin inkişaf etdirilməsi, musiqi məktəblərinin alətlərlə təminatı və sosial məsələlərlə bağlı olub.
Qəbulda Astara rayonunun Maşxan kəndində 1806-cı ildə inşa olunmuş Kərbəlayi Həmid Abdulla hamamının bərpası, Lənkəran rayonunda fəaliyyət göstərən "Nənələr" folklor mahnı və rəqs kollektivinə xalq kollektivi adının verilməsi, Masallı rayonunda turizmin inkişafı və s. mövzularda konkret təkliflər irəli sürülüb.
Vətəndaşları diqqətlə dinləyən Əbülfəs Qarayev onların yerlərdə mədəniyyət və turizmin inkişafına xidmət edən əhəmiyyətli mövzulara diqqət ayırmalarını təqdir etmiş, qaldırılan təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirib.
Qəbuldan sonra jurnalistlərə açıqlama verən Əbülfəs Qarayev qeyd edib ki, bölgələrdə tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı nazirliyin daim diqqətindədir. Sevindirici haldır ki, vətəndaşlar da yerlərdə bu sahələrin inkişafı üçün səy göstərirlər. Bu da ümumi işimizə kömək edir. Bu qəbuldan sonra da təmirə ehtiyacı olan mədəniyyət obyektlərinin bərpası, onların lazımi vasitələrlə təminatı ilə bağlı tədbirlər görüləcək.
Əbülfəs Qarayev regionda turizm infrastrukturunun genişləndirilməsinin əsas prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bildirib: "Turizm üçün əhəmiyyətli təbii şəraiti olan cənub zonası tarixi və mədəniyyət abidələri ilə zəngindir. Abidələrin bərpası, onlardan mədəni turizm istiqamətində istifadə olunması təkliflərini də yüksək qiymətləndirirəm. Bu təkliflər üzərində işləyəcəyik".
Qeyd edək ki, nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə kömək göstəriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB