ADU-da Tələbə Elmi Cəmiyyətinin konfransı başa çatıb FOTOLAR

ADU-da Tələbə Elmi Cəmiyyətinin konfransı başa çatıb FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cu ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin illik konfransı başa çatıb. SİA-nın məlumatına görə, yekun iclasda ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, professor Əsgər Zeynalov, sədr müavini, dosent Vahid Ərəbov, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxış edərək tələbələrin elmlə məşğul olmağa üstünlük verdiklərini və bunun da onların gələcək inkişafında mühüm rol oynayacağını bildirib. Bölmə rəhbərlərinin hesabatları vaxtında təqdim etdiyini deyən prorektor onların işini yüksək qiymətləndirib. O, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

TEC-in sədri, professor Əsgər Zeynalov, sədr müavini, dosent Vahid Ərəbov da çıxış edərək tələbələrin böyük fədakarlıq göstərdiklərini yüksək qiymətləndirdilər və daim elm yolunda addımlamağı tövsiyə ediblər.

Bölmə rəhbərləri, professorlar Bilal İsmayılov, Məsməxanım Qazıyeva, dosent Vidadi Bəşirov isə çıxışında konfransın tələbələrin elmi biliklərinin artırılmasında əhəmiyyətindən danışıblar.

Konfransda müxtəlif mövzularla iştirak edən tələbələrin 50 nəfəri I, 55 nəfəri II, 60 nəfəri isə III dərəcəli diplomlarla təltif edilib. Bundan əlavə, konfransda iştirakına görə 120 nəfər tələbəyə təşəkkür elan edilib.

Qeyd edək ki, üç gün davam edən konfransda müxtəlif mövzular üzrə 21 bölmədə iclaslar keçirilib, 700-dən yuxarı məruzə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə