“Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baletin premyerası keçiriləcək
Görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baletin premyerası keçiriləcək. Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, ikipərdəli balet tamaşasının süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulub. Tamaşada teatrın aparıcı solistlərinin ifasında muğam parçaları da səslənəcək.
Nəzərinizə çatdıraq ki, səhnə əsərinin quruluşçu baletmeysteri xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, libretto müəllifi jurnalist və tənqidçi Əjdər Hacıyev, quruluşçu rəssamı isə xalq rəssamı Rafis İsmayılovdur. Xalq Artisti, professor Yalçın Adıgözəlovun idarə edəcəyi tamaşada əsas partiyaları xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, əməkdar artist Yelena Skomoroşenko və aparıcı solist Anar Mikayılov ifa edəcəklər.
Maestro Niyazinin yaradıcılığına məxsus ən dəyərli musiqi əsərlərindən bir olan "Rast" simfonik muğamı əsasında muğam-baletin yaranması, şübhəsiz, ölməz sənətkarın zəngin musiqi irsinin təbliğinə böyük töhfə olacaq.
Qeyd edək ki, "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baletin premyerası fevralın 1-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB