Mikayıl Müşfiq varislərinin yaradıcılıq günü keçirildi FOTO

Mikayıl Müşfiq varislərinin yaradıcılıq günü keçirildi FOTO

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Yunus İsmayılzadənin 90, Vahab İsmayılzadənin 55 illik yubileyi münasibətilə ölməz şairimiz Mikayıl Müşfiq varislərinin yaradıcılıq günü keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mikayıl Müşfiq davamçıları, əməkdar artist Elza Seyidcahan, şairlər, ailmlər, mədəniyyət işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər. Gecədə dahi şair Mikayıl Müşfiqin şeirlərinə bəstələnmiş mahnılar, şerirlər zalda əyləşənlərə təqdim olunub.

Daha sonra əməkdar artist Elza Seyidcahan səhnəyə çıxaraq tamaşaçılara Mikayıl Müşfiqin şeirinə bəstələnmiş mahnı ifa edib. Gecəyə bir çox gənc müğənnilər gələrək Mikayıl Müşfiqin sözlərinə yazılmış "Qurban olduğum", "Küləklər" və başqa mahnılar oxuyublar.

Nəzərinizə çatdıraq ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.

Mikayıl Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub.

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailəli olub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.

1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Qeyd edək ki, tədbirin sonunda tamaşaçılara Hacı Əliabbas Qədirovun ifasında Yunus və Vahab İsmayılzadənin şerləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə