Sentyabr ayının 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 86-cı mövsümün ilk tamaşaları nümayiş etdiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, həmin gün saat 12:00-da A.Tolstoyun "Buratinonun macəraları", saat 19:00-da L.Nurenin "Müharibə" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.
Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş "Burationun macəraları" tamaşasının quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).
Karlo atanın taxtadan hazırladığı Buratinonun "həyat hekayəsi" azyaşlı tamaşaçılarımıza yaxşı bəllidir. Buratino sadiq dostlarının köməkliyi ilə nəhayət ki, möcüzəli qapıya vasitəçi olan qızıl açar tapır. Beləliklə, xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq istəyi həyata keçir.
"Müharibə" tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.
Qeyd edək ki, 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir. Hər iki tamaşa maraqlı səhnə tərtibatı və peşəkar aktyor ifası ilə seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB