Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib FOTO

Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib. 50-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə 50-dək vətəndaşın müraciətinə baxılıb. SİA-nın məlumatına görə, nazir Əbülfəs Qarayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin, əhalinin xahiş, şikayət və təkliflərinin öyrənilərək onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır.

Qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləyən nazir qeyd edib ki, səslənən bütün məsələlər nəzərdən keçiriləcək, həlli üçün addımlar atılacaq. Müraciətlər əsasən kəndlərdə musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təmin olunması, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və sair məsələlərlə bağlı olub.

Nazir Əbülfəs Qarayev hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində bu məsələnin nəzərdə saxlanılacağını bildirib. Nazir ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlərin verildiyini, bununla bağlı qaldırılan problemlərin də qısa zamanda həll olunacağını vurğulayıb.

Görüşdə vətəndaşlar tərəfindən bir sıra təkliflər də səsləndirilib. Klub və mədəniyyət evlərinin bazası əsasında mədəniyyət mərkəzlərinin yaradılmasının yerlərdə təqdirlə qarşılandığı qeyd edilərək, bununla yanaşı, mədəniyyət müəssisələrinin bir çoxunda ali təhsilli işçilərin sayının az olması nəzərə çatdırılıb. Yerlərdə mədəniyyət müəssisələrinə kadrlar tələbatını qismən həll etmək üçün humanitar sahədə təhsil alıb iş axtaran gənclərin qısamüddətli xüsusi kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə uyğunlaşdırılması, onların müvafiq işlə təmin olunması, habelə yerlərdəki mədəniyyət ocaqlarında ödənişli dərnəklərin yaradılması təklif edilib.

Təklifləri müsbət dəyərləndirən nazir Əbülfəs Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin nəzərə alınmasının vacibliyini bildirib. Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib, səslənən bir sıra məsələlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını diqqətə çatdırıb.

Sonda jurnalistlərə açıqlama verən nazir vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini, onların hamısının diqqətlə nəzərdən keçiriləcəyini deyib. Qeyd olunub ki, vətəndaşların müraciəti daha çox yerlərdə mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması, yeni mədəniyyət müəssisələrinin inşası, habelə kadr təminatı ilə bağlıdır ki, bu məsələlər də Nazirliyin daim diqqət mərkəzindədir. Bəzi müraciətlərdə sosial yardım, mənzil təminatı və digər məsələlərlə bağlı köməklik göstərilməsi xahiş olunub ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq. Nazir ümumən yerlərdə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və əhali ilə birbaşa təmasda səslənən məsələlərin ümumi işin xeyrinə olduğunu vurğulayıb. Qeyd olunub ki, vətəndaşlarla görüşlər növbəti aylarda da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə