Milli adət-ənənələrimizdən bəhs edən bədii film çəkilib.
“Toy marşı- Bakı toyları” FOTO

Milli adət-ənənələrimizdən bəhs edən bədii film çəkilib. Bu barədə SİA-ya filmin quruluşçu rejissorlarından olan Murad Muradov məlumat verib. Onun sözlərinə görə, milli adət-ənənələrimiz və toylar haqqında olan film bu yaxınlarda təhvil verilib.

"Film "Toy marşı- Bakı toyları" adlanır. Bakı toylarına həsr olunan ekran əsəri itirilmiş milli adət-ənənələrimizi özündə ehtiva edir. Bədii səhnələrdə XVIII əsrdən başlayaraq bu günə kimi toylarımız necə keçməsi canlandırılıb. Həmin dövrdə Bakı kəndlərində toylar, yaxud xınayaxdı mərasimi, qız bəyənmə kimi ənənələrimizin necə olması burada öz əksini tapıb",- deyə rejissor fikirlərinə əlavə edib.

M. Muradov onu da vurğulayıb ki, bədii səhnələrlə yanaşı, filmdə tanınmış simalar da öz fikirlərini bölüşüblər: "Onların arasında xalq artistimiz Alim Qasımov, Əlibaba Məmmədov, musiqişünas Hacı Teyyub Teyyubov, tanınmış şair Hacı Arif Buzovnalı var. Onlar da öz növbəsində milli adətlərimizdən söz açıblar. Film 45 dəqiqəni əhatə edir".

Filmin bütün işlərinin bir ay əvvəl bitdiyini deyən rejissor bildirib ki, hazırda ekran əsərinin ingilis dilinə tərcümə olunması prosesi gedir: "Film tərcümə mərhələsində olmasına baxmayaraq, bir sıra etnoqrafik festivallara dəvət alır. Əsas məqsədimiz isə çəkdiyimiz filmlərlə ölkəmizi xaricdə layiqincə təmsil etməkdir".

Məlumat üçün bildirək ki, filmin quruluşçu rejissoru və ssenari müəllifi əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradova məxsusdur. Digər quruluşçu rejissor isə Murad Muradovdur. Quruluşçu operator Mətləb Yaquboğlu, baş prodüser Hacı Teyyub Teyyubov, icraçı prodüser Ədalət Yunusovdur.

Bəy- Həsən Mehdiyev, gəlin- Leyla Babayeva, gəlinin anasını rolunda isə Lətafət Ramazanova oynayır. Bəyin anasını isə tanınmış müğənni Firuzə İbadova canlandırır.

Qeyd edək ki, yaxın vaxtlarda filmin təqdimatı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə