“Sarı gəlin. Azərbaycanda muğam - caz” filmi təqdim olundu FOTO
Bu gün Nizami Kino Mərkəzində almaniyalı rejissor Klaus Bernhardın "Sarı gəlin. Azərbaycanda muğam-caz" filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev çıxış edərək alman rejissoru Klaus Bernhardtın sənədli filmin çəkilişi ilə bağlı müraciətinin təmsil etdiyi nazirlik tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Onun sözlərinə görə, film yalnız Azərbaycanda təqdim olunmayacaq: "Sarı gəlin. Azərbaycanda muğam - caz" lentinin yayılma məkanı genişlənəcək".
Səfir Herbert Kvelle isə vurğulayıb ki, yeni film Azərbaycan üçün dünyaya yeni qapılar açacaq: "Artıq rejissor Klaus Bernhard Azərbaycan musiqisinin səfiri adlana bilər", deyən səfir bu filmi yaradanlara öz təşəkkürlərini bildirib. Xatırladaq ki, film Azərbaycan Mədəniyyət və turizm Nazirliyinin dəstəyilə yaradılıb.
Çıxışlardan sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Rejissor Klaus Bernhardt və digərlərinin çıxışlarında seçilən mövzunun çox maraqlı olduğu və işə həvəslə qatıldıqları bildirilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın "Das-Apartment" prodüser şirkətinin və "Salnamə" kinostudiyasının birgə istehsalı olan ekran əsərinin rejissor assistenti Naibə Şirinova, operatorları Feliks Peşko və Vilhelm Neyman, montajçı isə Cennifer Kunçerdir. Azərbaycan dilində çəkilən 45 dəqiqəlik film alman və ingilis dillərinə də tərcümə olunub. Sonra "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filmi təqdim olunub. Filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB