Mənim ən böyük məqsədim..." MÜSAHİBƏ

Mənim ən böyük məqsədim..." MÜSAHİBƏ

Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalçaçılıq qədim dövrlərdən bəri bütün dünyanı özünə cəlb edib. Bu gün də əvəzolunmaz xalçaçı rəssamlarımız bu işi müvəfəqiyyətlə davam etdirir. Bəzi insanlar düşünür ki, gənclər milli dəyərlərimizə önəm vermir və bu işi davam etdirmirlər. Bu fikirlərin əksinə, SİA gənc xalçaçı rəssam olan Səidə Mirzəyevanın müsahibəsini təqdim edir. Qeyd edəki ki, bu gənc rəssamın əsərləri Hamburg,Moskva və Koreyada özəl qalereyalarda sərgilənib. Əsərləri həmçinin Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Gəlin, onu daha yaxından tanıyaq.

- Özünüzü oxuculara necə tanıda bilərsiniz?

- Mən uşaqlıqdan xalçaçı rəssam olmağı qarşısına məqsəd qoyan, heç də sıradan olmayan gənc tələbəyəm. 2000-ci ildə Süleyman Ələsgərov adına incəsənət məktəbinin rəssamlıq şöbəsinə daxil olmuşam. 2004-cü ildə isə Ə.Əzimzadə adına rəssamlıq kollecinin xalçaçı rəssam fakultəsinə daxil olub yüksək səviyyəli müəllimlərdən təhsil alaraq, 2009-cu ildə eyni fakultədə ali təhsil aldım.

- Bu müddətdə ən yaddaqalan müəllimləriniz kim olub?

- Özümü çox şanslı insan hesab edirəm. Təhsil aldığım müddətdə əvəzolunmaz müəllimlərdən təhsil almışam və onların sayəsində bu günə gəlib çıxmışam. Bu müəllimlərdən bir neçəsinin adını çəkməsəm olmaz: Faiq Əkbərov, Məmmədhüseyn Hüseynov, Eldar Hüseynov kimi müəllimlərim olub. Təhsil aldığım ocaqlardan kənar məni şəxsi emalatxanasında rəngkar kimi yetişdirən böyük sənətkar Sakit Məmmədov olub.

- Sizcə digər gənc rəssamlarla sizin aranızda olan fərq nədir?

- Oxuduğum Rəssamlıq Akademiyasında Ə.Əzimzadə adına kollecinin xalçaçı rəssam fakultəsini bitirən yeganə mənəm və orda qazandığım bilik və təcrübə məni digər tələbələrdən fərqləndirir. Xalçaçılıq çox qədim və çox dərin bir incəsənət növüdür. Bu sənəti yüksək səviyyədə öyrənib gələcək nəslə çatdırmaq ən böyük məqsədlərimdən biridir.

- Gənc olaraq indiki incəsənət sahəsində olan gənclərin fəaliyyətlərini necə qimətləndirirsiniz?

- Ümumiyyətlə, indiki gənclərdə incəsətə marağın artdığını görürəm. İstər musiqi, istərsə də rəsm sahəsində! Əslində, bu sevindirici haldır. Sadəcə bu sənəti hobbi kimi yox sırf ali sənət kimi qəbul etmələrini istərdim. Hər kəs seçdiyi sənəti sonuna qədər davam edə bilmir və sənət get-gedə cılızlaşır.

- Əsərləriniz təxminən nə qədərdir? Sata bilirsinizmi?

- Artıq 10 ildir ki, bu sənətlə məşğul oluram. Əsas sənətim xalçaçılıq olduğu üçün sırf bu növdə maraqlı və ayrı-ayrı mövzularda çəkdiyim və toxuduğum xalçalarım var. Xalçaçılıqla yanaşı rəngkarlıqla da məşğul oluram və Azərbaycanın ən görkəmli rəssamlarından biri Sakit Məmmədovun tələbəsiyəm. Ondan rəngkarlığın sirrlərini öyrənərək bir çox əsərlərə imza atmışam. Əsərlərimi satmağa gəldikdə isə, müəllimim doğru vurğulayıb ki, yaxşı rəssamın həmişə qazancı olur. Mən də öz üzərimdə daha çox işləyib, sənətimdən qazanc əldə etməyə çalışıram və bu məndə alınır.

- Elə əsəriniz olubmu satmağa heyfiniz gəlsin?

- Heç bir əsər qazanc xatirinə işlənmir. Məqsəd qazanc olduqda bu avtomatik sənin işinə təsir edir və bu əsərdə aşkar hiss olunur. Təbii ki, işlədiyin hər bir işin sənə qazandırdığı nəsə olmalıdır. Bəzən mənəvi, bəzən maddi. Amma satmadığım əsərlərim mövcuddur.

- Siz bu sənətdən nə gözləyirsiz? Daha çox pul maraqlandırır yoxsa sənət?

- Bu sənətdə çox gəncəm və öyrənməli olduğum çox xırdalıqlar var. Ən böyük məqsədim sənətin kökünü saxlamaqla ona yeni nəfəs verməkdir. Sənətin məndən gözlədiyi çox şey var, nəinki mənim ondan! Hazırda məqsədlərimə doğru iti addımlarla irəliləyirəm.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə