Hüseyn Cavidin 130 illik yubileyi qeyd edildi

Hüseyn Cavidin 130 illik yubileyi qeyd edildi

Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, şair və ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycanın dahi şairi, "Şərqin Şekspiri" adlandırılan Hüseyn Cavidin anadan olmasından 130 il ötür: "Onun yubileyinin bu teatrda keçirilməsi heç də təsadüfi deyil, çünki onun əsərlərinin çoxu məhz bu səhnədə oynanılıb. Bununla yanaşı, əsərləri sənətkarlıq baxımından yüksək keyfiyyəti ilə seçilib. Dramaturq özündən sonra dərin izlər buraxıb. Xüsusi ilə qeyd edim ki, hazırda onun yaradıcılıından istifadə etməyən şair və yazıçıya rast gəlmək mümkün deyil".

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar çıxış edərək vurğulayıb ki, insanlar nadir hallarda 130 il ömür sürər: "Ancaq Hüseyn Cavidə bu ömrün heç yarısı da nəsib olmadı. Hüseyn Cavid və Cəfər Cabbarlı o illərin ən mükəmməl sənətkarları olublar. Hüseyn Cavid qəlbimizdə əbəbi yaşayır və bundan sonra da daim yaşayacaq".

Yubileydə çıxışlardan sonra "İblis" faciəsindən Arifin monoloqu, Xalq Çalğı Alətləri Ansamblının çıxışı, Akademik Milli Dram Teatrının aktyorlarının ifasında "Afət" pyesindən, "Şeyx Sənan" faciəsindən, Yusif Səmədoğlunun "Qətl günü" romanından parçalar nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, teatrın foyesində ədibin həyat və yaradıcılığını özündə əks etdirən fotolar nümayiş olunub.

Qeyd edək ki, yubiley tədbirində baş nazir Artur Rasizadə, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkili Qənirə Paşayeva və başqalrı iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə